Erkən yaşda su içmək vərdişi necə yaradılır?

Ağacdan tutmuş vəhşi təbiətdə qaçan bəbirə qədər, tanıdığın bütün canlılarla ortaq cəhətin nədir, bilirsən? Hər birimizin suya ehtiyacı var! Bədənimiz hər gün nəfəs alma, tərləmə və həzm yolu ilə su itirir. İndi bütün gününü qaçmaq, oynamaq və müxtəlif fəaliyyətlərlə məşğul olan uşaqları düşün.

Tərkibində heç bir qida maddəsi olmasa da, su uşağın üçün vacib elementdir. O, uşaqların bədən çəkisinin yarıdan çoxunu təşkil edir, orqanizminin formalaşması, immunitetin möhkəmlənməsi və bədənin sağlamlığı üçün əsas rollardan birini oynayır. Su içməyin digər faydalarına aşağıdakılar daxildir:

  • Həzmə kömək;
  • Qəbizliyin qarşısının alınması;
  • Düzgün qan dövranı.

Uşaq və ya yeniyetmələrin hər gün ehtiyac duyduğu suyun miqdarı yaş, çəki və cins kimi amillərdən asılıdır. Kifayət qədər su əldə etmək üçün ümumi qayda olaraq, uşağın və ya yeniyetmənin gündə ən azı 3-5 stəkan su içməlidir. Bundan əlavə, onlar hər gün tövsiyə olunan miqdarda meyvə və tərəvəz yeməlidir, çünki meyvə və tərəvəzin tərkibində digər bərk qidalara nisbətən daha çox maye var.

Uşaq üçün suyun əhəmiyyəti

Uşaqlar şəkərli və ətirli içkilərə öyrəşsə də onların saf və təmiz suya ehtiyacı var. Şəkərli içkilər lazımsız kalori verir, dadlandırılmış qazlı içkilərin isə sağlamlığa heç bir faydası yoxdur. Onlar diş çürüməsinə və piylənməyə səbəb olurlar. Orqanizmin hər bir hissəsi, o cümlədən beyin üçün su çox vacibdir. Böyüklər kimi uşaq bədəninin bir çox əhəmiyyətli funksiyasını su yerinə yetirir. Yaş artdıqca bu proses asanlaşsa da körpən üçün istəklərini dilə gətirmək çətindir. Bunun üçün izləməli olduğun bir çox məqam var. Su çatışmazlığını bildirən müxtəlif əlamətlər bunlardır:

  • Aktivliyin azalması;
  • Quru və solğun dəri;
  • Qatı tüpürcək və ya çatışmazlığı;
  • Dodaq, ağız və dildə quruma;
  • Quru öskürək;
  • 4-6 saat müddətində sidiyin olmaması.

Mütəxəssislər deyir ki, az su içmək zehni fəallığı azaldır və konsentrasiya pozğunluğuna gətirib çıxarır. Buna görə onların öyrənmə qabiliyyəti azalır və dərslərində uğurlu ola bilmirlər. Körpən üçün gündəlik ideal su miqdarı hər kiloqramı üçün təxminən 50 ml qədər təyin edilir. Yəni mütəxəssislər 1-3 yaşına qədər onların 0,5-1,3 litr su içməli olduqlarına inanırlar. 1 yaşdan kiçik körpələrdə isə uşaq ana südü ilə qidalandığı halda su verməyə ehtiyac yoxdur. Ana gündəlik qəbul etdiyi su miqdarını artırmalıdır. Əlavə uşaq yeməkləriylə qidalanan körpələrin isə suya ehtiyacı var.

Övladına su içdirməyin yolları

Kiçik yaşlardan formalaşan vərdişlər ömür boyu qalır. Buna görə də uşaqlara körpəlikdən su içməyi sevdirmək lazımdır. Su dadsız və qoxusuzdur, buna görə uşaqlar ona alışmaqda çətinlik çəkir. Amma unutma ki, bu macərada sən özün də uşağına rol modeli olmalısan. Buna görə gündəlik 2 litr su içməyi unutma.  İndi isə suyu sevdirməyin üçün sənə kömək edə biləcək üsullar ilə tanış ol. 

Hamı tərəfindən bilinən üsulla başlayaq. Uşağına onun sevəcəyi su qabı seçməsinə və bunu ancaq su içərkən istifadə etməsinə icazə ver. Bu su qabını həmişə əlçatan yerdə qoy ki, uşağın istədiyi an rahatlıqla içə bilsin.

Bir körpə üçün nəyin maraqlı olacağını bilmək çox düşündürcü kimi gəlsə də belə deyil. Suya müxtəlif meyvələr qatıb həm onu dadlandıra, həm də uşağın üçün rəngarəng kəşfə çevirə bilərsən. Rəngarənglik demişkən, su içmək üçün pipetlər də bu işdə köməkçin olacaq. Fərqi yoxdur uşağının sevdiyi rəngdə və ya fəqli dizaynlı, bunlar onda maraqlı alışqanlıq yaranmasına səbəb olacaq. 

Daha çox su içəcəyi zaman onu həvəsləndirmək üçün uşağı mükafatlandıra bilərsən. Məsələn, hər bitirdiyi stəkana görə ona ulduz stikeri verə və ya hər boş stəkan verəndə onunla birlikdə xüsusi rəqs edə bilərsən. 

Tək suyu sevdirməklə kifayətlənmə, ona suyu “yeməyi” də öyrət. Xiyar, kələm, balqabaq, qarpız, portağal, yaşıl bolqar bibər və bir çox meyvə-tərəvəzlər orqanizmi bol miqdarda su ilə təmin edir. 

Uşağın üçün məsləhətli sular

Su içmək körpən üçün çox önəmlidir, amma hər suyu içmək də yararlı deyil. Düzgün seçilməyən su sancılara və kariyesə səbəb olur. Qaynadılmış suyun isə onlara hər hansı faydası yoxdur, çünki bu zaman su lazımlı minerallarını itirir. Uşaqlarda piylənmənin yaranması isə dadlandırılmış qazlı içkilərin həddən artıq qəbulu ilə əlaqədardır. Bu isə son dərəcə qeyri-sağlam inkişafa səbəb olur. Krandan içilən su çox duzlu ola bilər, bu da böyrək daşlarının başlıca səbəbidir. Uşaqlar üçün ən faydalı su təmiz filtrdən keçirilmiş və ya qablaşdırılmış sulardır. Qablaşdırılmış suların emal zamanı tərkibi balanslaşır, mineral qalıqlarından təmizlənir. Keçirdiyi proseslər onu bakteriyalardan da arındırır, buna isə qaynadılmış suda nail olmaq olmur. “Sirab” uşaq suyunun tərkibində kifayət qədər kalsium, natrium, kalium və maqnezium var. Bu sular həm içmək, həm də uşaqların püre və süd qarışıqlarına əlavə etmək üçün idealdır. 

Ümidvarıq, sənə uzun və çətin kimi görünən bu öhdəlikdə köməkçi ola bildik. Unutma, sağlam yaşam tərzi üçün uşağına körpə yaşından su içməyi sevdirməlisən.